Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsini anıblar

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsini anıblar

Aprelin 20-də 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri – Əsgərli Tural Ələmdar oğlunun doğum günü münasibətilə Akademiyanın bir qrup əməkdaşı və tələbələri şəhidin məzarını və ailəsini ziyarət edərək igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Akademiya əməkdaşları və tələbələri şəhidin ailəsinə baş çəkərək Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Tural Əsgərlinin xatirə güşəsi ilə tanış olublar.  Şəhidimizin ömür-gün yoldaşı Vüsalə Əsgərli Turalın keçdiyi peşəkar hərbçi yoluna nəzər salaraq onunla bağlı xatirələrindən,  müqəddəs amal uğrunda gedən müharibədəki döyüş qəhrəmanlığından bəhs edib.

Akademiya əməkdaşları şəhidlərimizin daim Azərbaycan xalqının xatirəsində uca tutularaq heç zaman unudulmayacağını, həmçinin Akademiya tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayaraq şəhidin ailəsinə Allahdan səbir diləyiblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş-leytenantı Tural Əsgərli 2020-ci ilin oktyabr ayında Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və ll Şəhidlər Xiyabanında dəfn edilib.  O, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Onun iki qız övladı Vətənə əmanət qalıb.

Cənnətdəki doğum günün mübarək, qəhrəman şəhidimiz!