DGKA | İctimaiyyətlə əlaqələr şöbəsi


İctimaiyyətlə əlaqələr şöbəsi

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) İctimaiyyətlə əlaqələr şöbəsi Akademiya ilə ictimaiyyət arasında, o cümlədən müxtəlif təşkilatlar, həmçinin Kütləvi İnformasiya Vasitələri (KİV) ilə əməkdaşlıqda qarşılıqlı və faydalı münasibətlərin qurulmasına xidmət edir. Bunun üçün, Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsi:

  • Mütəmadi olaraq DGKA haqqında məlumatların, keçirilən tədbirlərin, DGKA rəhbərliyinin və professor-müəllim heyətinin fəaliyyətinin yerli və xarici KİV-də işıqlandırılmasını həyata keçirir;
  • DGKA haqqında video materialların, filmlərin, reklam çarxlarının, banerlərinin hazırlanması və ictimaiyyəti Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumatlandırılması məqsədi ilə onların doğru və düzgün məkanda və zamanda işıqlandırmasını təmin edir;
  • DGKA-nın veb səhifəsini dolğun və düzgün xəbərlərlə təmin edir;
  • Müasir şəbəkələrdə DGKA-nın səhifəsini yaradır, əməkdaşlar və tələbələrin aktiv şəkildə öz sosial səhifələrində mövcud xəbərlərini paylaşmasına dəstək olur;
  • DGKA haqqında kiçik həcmli jurnallar və kataloqlar hazırlayır;
  • Şöbənin təşkilatçılığı ilə görüşlər keçirir, ictimaiyyətin daha dolğun məlumat əldə etmələri məqsədi ilə tədbirlər təşkil edir.

 

Zeynab Kazımova
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Kazımova Zeynab Fəhrad qızı 25.04.1977-ci ildə Qazax rayonunda anadan olmuşdur.

1994-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitettinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə qəbul  olmuşdur. 1998-ci ildə həmin fakültəni Beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr dərəcəsi almaqla bitirmişdir.  

1999-2001-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika ixtisası üzrə magistraturada təhsil alaraq, “Azərbaycan-Fransa münasibətləri Fransa mətbuatında“ adlı magistrlik dissertasiyasını müdafiə etmiş, Beynəlxalq jurnalistika üzrə magistr elmi dərəcəsi almışdır.

2005-ci ildə Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər istiqaməti üzrə dissertanturaya qəbul olmuşdur. “Qarabağ münaqişəsi Fransa mətbuatında” mövzusunda araşdırma aparmışdır. Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi adını almaq üçün minimum imtahanları müvəffəqiyyətlə vermişdir. Mövzusu ilə bağlı bir sıra respublika və beynəlxalq jurnallarda elmi məqalələri, həmçinin bir sıra elmi konfrans və seminarlarda iştirak etmişdir, bir neçə elmi əsərlər toplusunda tezisləri dərc olunmuşdur.

1995-1996-cı illərdə Azərbaycan Dövlət Radiosunun (AzTV) “İqtisadiyyat” şöbəsində  reportyor, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Açıq Səhmdar Cəmiyyətinin (AzTV) İctimai-siyasi proqramlar departamentinin “Xəbərlər” proqramında müxbir kimi çalışmışdır. Bir sıra mətbu orqanlarla əməkdaşlıq etmiş, “Azərbaycan”, “Şərq”, “525-ci qəzet”, “Etimad”, “Faktor”, “Yeni Zaman” və digər mətbu orqanlarda sosial-ictimai, iqtisadi və humanitar sahələr, o cümlədən beynəlxalq jurnalistika, Azərbaycanın xaricidilli mediası ilə bağlı məqalələri çap olunmuşdur. Bununla yanaşı, yay təcrübəsi müddətində Qazax şəhər radio qovşağında bir sıra verilişləri səsləndirmiş, həmçinin radio üçün reportajlar hazırlamışdır.

2002-ci ildə Beynəlxalq Fransızdilli Mətbuat Birliyinə üzv qəbul olunmuş, 2003-2006-cı illərdə birliyin Azərbaycan şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2002-ci ildə Azərbaycanda fransızca nəşr olunan “Az-Media” qəzetində müxbir kimi fəaliyyətə başlamış, 2003-2005-ci illərdə həmin qəzetin baş redaktoru olmuşdur.

2004-cü ilin yayında Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Parisdəki baş ofisində və “La Gazette” qəzeti redaksiyasında “Fransız dilində yazı jurnalistikası” üzrə təcrübə keçmişdir. Elə həmin ilin noyabrında təşkilatın Afrikada Burkina Faso Respublikasında keçirilən fransızdilli jurnalistlərin 36-cı illik konfransında iştirak edərək Azərbaycanı təmsil etmişdir. Bundan başqa, ölkə daxilində jurnalistlər üçün keçirilən bir sıra seminar və treninqlərdə iştirak etmişdir, “İnternyus” təşkilatının kurslarının, Jurnalist Həmkarlar Təşkilatının təşkil etdiyi seminarın iştirakçısı olmuşdur.

2006-2009-cu illərdə Bakı Slavyan Universitetinin (BSU) “Ölkəşünaslıq” Elmi-tədqiqat laboratoriyasında elmi işçi, eyni zamanda 2006-2013-cü illərdə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsində Beynəlxalq münasibətlər kafedrasının müəllimi, Jurnalistika və filologiya fakültəsində Jurnalistika  kafedrasının müəllimi işləmişdir.

2007-ci ildə Azərbaycanda fransız dillində nəşr olunan yeganə mətbu orqan olan ”Le Carrefour” (Yol qovşağı) qəzetini təsis etmiş və qəzetin baş redaktoru olmuşdur. Azərbaycan mediasında ilk və yeganə frankofon qəzet olan sözügedən mətbu orqanın əsas məqsədi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, ölkəmiz haqqında müsbət imicin yaradılması, Azərbaycanın təbliğinin aparılması, əcnəbilərə, xüsusilə də, fransızlara və fransızdilli oxuculara ölkəmizin tanıdılmasıdır.

 2009-2010-cu illər ərzində Belçika Krallığının Azad Brüssel Universitetinin Avropaşünaslıq İnstitutunda siyasi elmlər üzrə bir illik elmi işçi statusu almış və bir müddət həmin ölkədə çalışmışdır.

2014-cü il iyun-avqust aylarında Norveç Krallığının Oslo Universitetində “Media və jurnalistika” üzrə akademik yay məktəbində iştirak etmişdir.

2012-ci ilin iyul-avqust aylarında Belçika Krallığının Luven-La-Növ Katolik Universitetində Yay məktəbində iştirak etmişdir.          

Fransanın EADS &DEFENCE şirkətinin mütəxəssislərinin 2007-ci ildə Azərbaycana səfəri zamanı tərcüməçilik etmişdir (Dövlət Sərhəd xidməti – Astara, Cəlilabad və s. ) (Fransız-Azərbaycan- Azəbaycan-Fransız).          

2009-cu ildə “Təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılmasına, KİV ilə təmsil etdiyi təhsil müəssisəsi arasında ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərinə görə” Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov  tərəfindən təşəkkür məktubu ilə təltif olunmuşdur.   

2010-cu ildə Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq “İlin mətbuat katibi” nominasiyasının qalibi olmuşdur 

2012-ci ildə Azərbaycan ali təhsil müəssisələri içərisində “Ilin mətbuat xidməti rəhbəri” seçilmişdir           

2014-cü ildə “Təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə” Təhsil nazirinin müavini Ceyhun Bayramovun imzası ilə diplomla təltif olunmuşdur.    

2014-cü ildə "Azərbaycan Universitetləri"nin keçirdiyi sorğunun nəticələrinə əsasən, "2014-cü ilin ən yaxşı mətbuat xidməti" sosial sorğusunun qalibi olmuşdur.          

2008-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin müdiri, daha sonra İctimaiyyətlə əlaqə Departamentinin müdiri vəzifəsində çalışmışdır. Bununla yanaşı, 2008-2014-cü illər ərzində Azərbaycan Dillər Universitetinin (ADU) “Beynəlxalq münasibətlər” kafedrasında və “Azərbaycan dili və ədəbiyyatı” kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.

2014-2017-cı illərdə Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2017-2018-ci illərdə Azərbaycan Xalça Muzeyinin baş mütəxəssisi-mətbuat katibi vəzifəsində çalışmışdır.

2018-ci ilin sentyabrından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır, gömrük xidməti baş leytenantıdır.

Ailəlidir, bir oğlu var.