DGKA | İxtisaslar haqqında


İxtisaslar haqqında

İqtisadiyyat

Bakalavr

İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr gömrük sisteminə aid xüsusi fənlərlə bərabər iqtisadiyyatın müxtəlif sahələrini öyrənirlər. Belə ki, tələbələr ümumi iqtisadiyyat fənn bloku üzrə Mikroiqtisadiyyat, Makroiqtisadiyyat, İqtisadi düşüncələr tarixi, Beynəlxalq iqtisadiyyat, Ekonometrika kimi dərsləri, ictimai fənlər bloku üzrə İqtisadiyyatın tənzimlənməsi, İqtisadi siyasət, Makroiqtisadi təhlil, Ətraf mühitin iqtisadiyyatı, Aqrar iqtisadiyyat, Regionların sosial-iqtisadi inkişafı, Azərbaycan iqtisadiyyatı kimi dərsləri, maliyyə fənləri bloku üzrə Firmanın iqtisadiyyatı, Bank işi, Vergi, Audit, Menecment, Marketinq, Mühasibat uçotu və gömrük fənləri bloku üzrə Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, Gömrük prosedurları və bəyanetmə, Gömrük tarif tənzimlənməsi, Gömrük statistikası, Valyuta tənzimlənməsi kimi ixtisas mövzularını  öyrənirlər.

 

Hüquqşünaslıq

Bakalavr

Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr gömrük sisteminə aid xüsusi fənlərlə bərabər hüququn müxtəlif sahələrini öyrənirlər. Belə ki, tələbələr ictimai fənlər bloku üzrə Mülki Qanun, Ailə hüququ, Əmək hüququ, Sosial Müdafiə Hüququ, Beynəlxalq xüsusi hüquq, Avropa Birliyi Qanunu, inzibati fənlər bloku üzrə Cinayət prosesi, Əməliyyat-axtarış fəaliyyətinin əsasları,  Kriminalistika, Məhkəmə Ekspertizası və iqtisadi fənlər bloku üzrə Maliyyə hüququ, Nəqliyyat Qanunu, Bank hüququ, Ticarət hüququ, Müqavilə hüququ, Vergi  hüququ kimi modullarla birgə gömrük fənləri bloku üzrə Gömrük hüququ, Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, Gömrük ekspertizası, Gömrük nəzarəti prosesində qeyri-tarif və digər tənzimləyici tədbirlər, Gömrük xətaları üzrə inzibati məsuliyyət, Gömrük işi sahəsində cinayətlərin araşdırılması  və  tövsifi  kimi  dərsləri  öyrənirlər.

 

İnformasiya təhlükəsizliyi

Bakalavr

İnformasiya  Təhlükəsizliyi  Proqramı - günümüzün ən vacib məsələsi olan müxtəlif sahələrdə informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi, kriptoqrafik məlumatların qorunması, təhlükəsizlik sistemləri və şəbəkələri  üzrə  mütəxəssislərin  hazırlanmasını  təmin  edir.

Burada  Kriptoqrafik üsullarla yanaşı kompüter informasiyasının müdafiə alqoritminə baxılır. Kiber hücumlara qarşı Kriptoqrafik və Autentifikasiya protokolları vasitəsilə, dövlət və maliyyə sektorunda məlumatlar bazasının qorunması yolları təhlil edilir. Həmçinin sosial mühəndislik mövzuları ətraflı öyrədilərək, zərərverici proqramlar vasitəsilə yoluxdurma və ondan qorunma metodları  praktiki  yollarla  göstərilir.

Naqilli və naqilsiz korporativ şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşma ilə şəbəkələrarası verilənlərin mübadiləsinin müdafiə edilməsinin baza texnologiyası və eləcə də informasiya təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan təşkilatı-qanunlar  ətraflı  izah  olunur.

Bunlarla yanaşı, Elektron rəqəmsal imza və Parolun təhlükəsizliyinin təmini,  Xüsusi virtual şəbəkə (VPN) və virusların mutasiyası kimi yeni mövzular  da  tədris  olunur.

 

MAGİSTRATURA

Gömrük işinin təşkili

Magistr

Gömrük işinin təşkili magistr ixtisası – gömrük sahəsində ölkənin qabaqcıl mütəxəssisləri ilə elmi-praktiki təhsil təşkil edərək gömrük xidməti  sferasında  peşəkar  mütəxəssis  hazırlayır.

Burada tələbələrə əvvəlcə dünya iqtisadiyyatı istiqamətində qloballaşmada iqtisadi inteqrasiya, transmilliləşmə, geoiqtisadiyyat, xarici ticarət modelləri, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi və iqtisadi səmərəliliyi kimi nəzəriyyə bazası gücləndirilir, eləcə də ÜTT və ÜGT kimi qlobal ticarəti tənzimləyən beynəlxalq təşkilatlar və Azərbaycan gömrük siyasətinin formalaşmasına təsiri kimi mövzular tədris olunur. Gömrük işinin müasir təşkili üzrə isə Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük vergi və rüsumlarının optimallaşdırılması  kimi  gömrük siyasəti  ilə  əlaqəli  sahələr  təhlil  edilir.

Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinə əsaslanan gömrük siyasətinin optimal  təşkil edilməsi bu ixtisasın əsas  predmetidir.

Gömrük işinin təşkili magistr pilləsi tələbələri gömrük sahəsində nəzəriyyə və praktikada qarşıya çıxan problemlərin elmi-praktiki həllinə əsaslanan  dissertasiya  işi  hazırlayır.

Həmçinin, magistr tələbələri gömrük orqanlarının müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi keçirlər və gömrük xidmətində işə qəbulda  prioritet   mövqedədirlər.

Milli iqtisadiyyatın təhlükəsizliyini qorumaq və beynəlxalq ticarətin inkişaf  etdirmək  üçün  bu  ixtisas  məzunlarına  hər  zaman  ehtiyac  var.

 

Beynəlxalq hüquq

Magistr

Beynəlxalq  hüquq  magistr  ixtisası – Beynəlxalq  hüquq  sahəsində  ölkənin  qabaqcıl  mütəxəssisləri ilə elmi-praktiki təhsil təşkil edərək hüquq xidməti sferasında peşəkar mütəxəssis   hazırlayır.

Burada magistr tələbələrinə Beynəlxalq təhlükəsizlik hüququ, Beynəlxalq təşkilatlar hüququ, Beynəlxalq xüsusi hüquq, Beynəlxalq humanitar hüquq, Beynəlxalq insan hüquqları, Beynəlxalq iqtisadi hüquq, Beynəlxalq cinayət hüququ istiqamətində  qloballaşma  prosesində beynəlxalq hüquq sistemi, eləcə də bunu tənzimləyən beynəlxalq təşkilatlar və Azərbaycanda qanunvericiliyin və normativ-hüquqi aktların formalaşmasına təsiri mövzuları tədris olunur. Gömrük işinin müasir təşkili üzrə isə Beynəlxalq gömrük hüququ,  Beynəlxalq nəqliyyat hüququ, Beynəlxalq  diplomatiya hüququ və eləcə də Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük rəsmiləşdirilməsi və bəyanetmənin hüquqi tərəflərinin optimallaşdırılması  kimi gömrük   siyasəti   ilə  əlaqəli  sahələr  təhlil  edilir.

Burada beynəlxalq hüquq və gömrük sahələrini birləşdirən xarici ticarətin tənzimlənməsi, beynəlxalq nəqliyyat  və logistika,  beynəlxalq kommersiya istiqamətləri də  əsas   fənn   bloklarındandır.

Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinə əsaslanan gömrük siyasətinin hüquqi bazasının optimal təşkil   edilməsi  bu  ixtisasın  əsas  predmetidir.

Milli iqtisadiyyatın təhlükəsizliyini qorumaq və beynəlxalq ticarətin hüquqi tənzimlənməsi üçün bu ixtisas məzunlarına  hər  zaman  ehtiyac  var.