Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri “Vəkil olmaq istəyirəm” adlı II Yay Məktəbində iştirak ediblər

Gömrük Akademiyasının tələbələri “Vəkil olmaq istəyirəm” adlı II Yay Məktəbində iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri gənc hüquqşünas tələbələr üçün təşkil edilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı II Yay Məktəbində iştirak ediblər. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəki şəhərində keçirilən düşərgədə ümumilikdə 55 hüquqşünas tələbə iştirak edib.

5 gün müddətində davam edən yay məktəbində tələbələrə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər sahələr üzrə təlimlər keçirilib. Bununla yanaşı, tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Şəki şəhərinə, eləcə də Şəki Xan sarayına səyahət, müxtəlif oyunlar, təlimlər təşkil olunub.

“Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbinin bağlanış mərasimində iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək hüquqşünaslığın sərbəst, həmçinin də peşəkar forması olan vəkillik peşəsini seçən gənclərə öz tövsiyələrini verərək gələcəyin vəkillərinə uğurlar arzu ediblər.

Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, ötən il də Gömrük Akademiyasının tələbələri Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 300-dən artıq hüquqşünas tələbənin qatıldığı 1 ay müddətində davam edən “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbində uğurla iştirak etmişdirlər.