Baş səhifə
Peşə kompetensiyaları

Peşə kompetensiyaları

Hüquqşünaslıq

Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:

- Hüququn mənşəyi, anlayışı, mahiyyəti, funksiyaları, prinsipləri, hüquq münasibətləri,  hüququn sosial normativ tənzimetmə sistemində yeri, hüquq və dövlət, hüquq və cəmiyyətin siyasi sistemi arasındakı qarşılıqlı münasibətlər, hüququn mənbələri, hüquq normaları, normativ-hüquqi aktlar, hüquqyaratma, hüququn sistemləşdirilməsi, hüquq sistemi, qanunvericilik sistemi, hüququn realizəsi və təfsiri, hüquq düşüncəsi və hüquq mədəniyyəti, hüquqi tənzimetmə mexanizmi, qanunçuluq və hüquq qaydası, hüquqauyğun davranış, hüquq pozuntusu, hüquq məsuliyyəti, hüquq, şəxsiyyət və vətəndaş cəmiyyəti ilə əlaqədar məsələləri, nəhayət, müasir dövrün əsas hüquq sistemlərini bilmək;

- Başlıca hüquqşünaslıq vərdişləri olan hüquqi yazı, hüquqi tədqiqat, hüquqi təhlil, hüquq məsləhətlərinin verilməsi, məhkəmə çıxışları və digərləri üzrə praktiki aspektləri, habelə, hüquqi arqumentlərin formalaşdırılması, əsas hüquqi sənədlərin tərtibi, müştərilərin müsahibəsi və şifahi məsləhətləndirilməsini, nəhayət, qlobal özəl hüquq praktikasında istifadə edilən yazışma və sənəd tərtib etmə metodlarını bilmək;

-  Azərbaycan ərazisində ən qədim zamanlardan indiki dövrümüzə qədər mövcud olmuş dövlətlərin idarəçilik və hüquq sistemlərinin mahiyyətini, hüququnun mənbələrini, onun ayrı-ayrı sahələrinin tətbiqi və inkişafı ilə əlaqədar ən əsas xüsusiyyətlərini müasir tarixi-hüquqi nailiyyətlərlə müqayisəli əsaslarda təhlil etmək və bilmək;

- Konstitusiya hüquq institutları haqqında dərin təsəvvürə, konstitusion inkişaf tarixi və konstitusionalizmin nəzəri əsasları, dövlət, cəmiyyət və şəxsiyyət arasındakı konstitusion münasibətlərin əsasları, konstitusiya quruluşunun siyasi, iqtisadı və sosial əsasları, xalq hakimiyyəti və xalq suverenliyi, dövlətin siyasi-ərazi təşkili, dövlət hakimiyyətinin təşkili əsasları, seçki hüququnun anlayışı və prinsipləri, seçki prosesinin hüquqi tənzimi məsələləri, seçki sistemləri, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, habelə yerli özünüidarənin təşkili və fəaliyyəti əsasları, konstitusiya nəzarəti institutunun mahiyyəti və funksional təyinatı haqqında fundamental biliklərə malik olmaq, habelə hüquq və qanunun qarşılıqlı əlaqəsi, qanunvericilik sisteminin mahiyyətini bilmək;

- Mülki hüququn tənzim etdiyi ictimai münasibətləri digər hüquq sahələri ilə tənzim olunan ictimai münasibətlərdən fərqləndirməyi, fiziki şəxslərin hüquq və fəaliyyət qabiliyyəti anlayışını izah etməyi, hüquqi şəxslərin müxtəlif meyarlara görə təsnifatını aparmaq vərdişlərinə yiyələnməyi, mülkiyyət hüququnun yaranması və xitamı əsaslarını dərk etməyi, öhdəliklərin icrasının təmini üsullarını təhlil etməyi, əmlakın mülkiyyətə verilməsi və istifadəyə verilməsi, işlərin yerinə  yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilələrin ayrı-ayrı növlərini sadalamağı bacarmalı, deliktlərdən  əmələ gələn öhdəliklərin ayrı-ayrı növlərini təhlil etməyi, müəlliflik hüququ və patent hüququnun subyekt və obyektlərini təhlil etməyi, qanun üzrə və vəsiyyət üzrə vərəsəlik institutlarını  fərqləndirməyi, praktik fəaliyyətdə onlardan istifadə etməyi, nəhayət nikahla əlaqədar münasibətlər, o cümlədən ailə üzvləri, eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərinin tənzimlənməsi qaydalarını və s. bilmək;

- Cinayət hüququnun tənzim etdiyi ictimai münasibətləri və prinsipləri, cinayət qanununun anlayışını, məkana və zamana görə qüvvəsini,  ictimai təhlükəli əməllərin əlamətlərini və sistemini, cinayət anlayışı və onun tərkib elementlərini, cinayət məsuliyyətinin əsaslarını, cəza sistemini və ayrı-ayrı cəza növlərinin təyin olunma qaydalarını və şərtlərini, cinayət məsuliyyətindən və cəzadan azad olunma şərtlərini, nəhayət, ayrı-ayrı cinayətlərin əlamətlərini və  tövsif qaydalarını bilmək;

- Beynəlxalq hüquq münasibətlərinin ayrı-ayrı növlərinin tənzimlənməsi elementlərini, beynəlxalq müqavilələr də daxil olmaqla beynəlxalq hüququn mənbələrinin məzmunu və milli hüquq sistemində yeri, o cümlədən tətbiqi xüsusiyyətlərini, beynəlxalq hüququn əsas prinsiplərinin beynəlxalq-hüquqi tənzimetmədə rolunu, beynəlxalq təşkilatların və beynəlxalq məhkəmə qurumlarının beynəlxalq və milli hüquqi tənzimetmədə əhəmiyyətini, nəhayət beynəlxalq hüququn ayrı-ayrı sahələrinin əsas xüsusiyyətlərini və istiqamətlərini bilmək;

- İnsan hüquqlarının mahiyyəti, prinsipləri, ayrı-ayrı insan hüquqlarının əsas səciyyəsi, onların müdafiəsi məsələləri, bu sahədə beynəlxalq məhkəmə presedentlərinin tətbiqi, ayrı-ayrı qrupların hüquqlarının müdafiəsi, ayrı-ayrı sahələrdə insan hüquqlarının müdafiəsi xüsusiyyətlərini, insan hüquqları sahəsində beynəlxalq və milli nəzarət mexanizmlərinin mahiyyəti və qarşılıqlı əlaqə xüsusiyyətlərini,  nəhayət əhalinin ayrı-ayrı kateqoriyalarının hüquqi vəziyyəti və insan hüquqlarının müdafiəsi xüsusiyyətlərini bilmək;

- İnzibati hüquq münasibətlərinin hüquqi tənzimetmə xüsusiyyətlərini, dövlət idarəçilik mexanizminin mahiyyətini, icra hakimiyyəti orqanlarının inzibati hüquqi statusunun əsaslarını, dövlət qulluğunun təşkili və dövlət qulluqçularının inzibati hüquqi statusunu, icra hakimiyyətinin forma və metodlarını, inzibati məcburetmə tədbirlərinin xüsusiyyətlərini, inzibati-hüquqi rejimlərin mahiyyətini, inzibati xəta, inzibati məsuliyyət, inzibati xətalar haqqında işlər üzrə icraat və inzibati tənbeh kimi məsələləri, habelə ayrı-ayrı sahələrdə dövlət idarəçiliyinin xüsusiyyətlərini bilmək;

- İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərinin tənzimlənməsi xüsusiyyətlərini, o cümlədən əmək qanunvericiliyi normalarının tətbiq edilməsinin xüsusiyyətlərini, işəgötürənlərin və işçilərin hüquq və vəzifələrini, onların əmək hüquqlarının müdafiəsinin formalarını, kollektiv müqavilə, əmək müqaviləsi, əmək haqqı, iş vaxtı, istirahət hüququ, əmək mübahisələri, məsuliyyət, məzuniyyətlər, sosial təminat  və əməyin mühafizəsi münasibətlərinin tətbiqi ilə əlaqədar məsələləri bilmək;  

- Dövlətin maliyyə fəaliyyətinin və maliyyə hüquq münasibətlərinin hüquqi əsaslarını, vergi, bank sahəsində mövcud normativ-hüquqi müqavilələr də daxil olmaqla maliyyə hüququnun mənbələrinin məzmunu, maliyyə hüququnun ayrı-ayrı sahələrinin, o cümlədən, büdcə, vergi, pul dövriyyəsi, valyuta və s., bütövlükdə, dövlətin maliyyə siyasətinin əsas istiqamətlərini bilmək;

- Kommersiya hüququnun əsas sistemlərini, sahibkarlıq fəaliyyəti və sahibkar anlayışlarını, sahibkarlığın dövlət tənzimlənməsini, kommersiya təşkilatlarını, onların ləğvi və yenidən təşkil edilməsini, məhdud məsuliyyətli cəmiyyəti, səhmdar cəmiyyəti, kooperativi, sahibkarın hüquq və vəzifələrini, kommersiya təmsilçisini, ticarət agentini, broker və komisyonçunu, kommersiya konsessiyasını, əqli və sənaye mülkiyyəti hüquqlarını, əmtəə nişanlarını, firma adları kimi anlayışları, haqsız rəqabəti, antiinhisar fəaliyyətini  və digər məsələləri bilmək;

- Hüquq sistemi olaraq Avropa İttifaqı hüququnun hüquqi təbiətini, onun struktur elementləri olan Avropa enerji hüququ, Avropa vergi hüququ,  Avropa gömrük hüququ, Avropa daxili bazar hüququ, Avropa rəqabət hüququ və s. öyrənmək, Avropa İttifaqı hüququnun beynəlxalq hüquqi tənzimetmə sisteminin formalaşması və inkişafına təsirini, bu hüquq çərçivəsində normayaradıcılıq fəaliyyətinin, hüquq tətbiqetmə prosesinin xüsusiyyətlərini, müxtəlif sferalarda Avropa İttifaqı hüququnun standartları ilə Azərbaycan Respublikasının milli hüquq sisteminin harmonizasiyası imkanlarını bilmək;

- Beynəlxalq sferada yaranan xüsusi: mülki, ailə, əmək, əqli mülkiyyət və s. münasibətlərin tənzimlənməsini, bu istiqamətdə müxtəlif dövlətlərin hüquqi sistemləri arasında yaranan kolliziyaların aradan qaldırılmasını, beynəlxalq xüsusi münasibətlərlə bağlı yaranan mübahisələrin həlli xüsusiyyətlərini, bu mübahisələr üzrə çıxarılmış xarici məhkəmələrin və beynəlxalq arbitrajların qərarlarının tanınması və icrasını, beynəlxalq və dövlətdaxili hüquqi vasitələrdən birgə istifadənin xüsusiyyətlərini bilmək;

- Mülki prosessual hüquq münasibətlərinin yaranması əsaslarını və tənzimetmə xüsusiyyətlərini, mülki prosessual hüququn mənbələrinin məzmununu, onların təcrübi əhəmiyyətini, mübahisələrin məhkəmə aidiyyəti, işdə iştirak edən şəxslər və digər iştirakçıların hüquqi vəziyyətini, məhkəmədə nümayəndəlik, vəkilin mülki prosesdə rolu, sübutlar, prosessual müddətlər, məhkəmə baxışı və s., nəhayət mülki məhkəmə icraatının ayrı-ayrı növlərinin elementlərini və xüsusiyyətlərini bilmək;

- Cinayət-prosessual fəaliyyətini tənzimləyən cinayət-prosessual qanun və digər normativ-hüquqi aktları öyrənməklə cinayət işləri üzrə istintaqı və təhqiqatı həyata keçirməyi, peşəkar fəaliyyətdə cinayətlərin  açılması və istintaqının nəzəri əsaslarını tətbiq etməyi, konkret işlər üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə istintaq hərəkətlərinin aparılması zamanı texniki-kriminalistik metod və vasitələrdən, taktiki üsullardan istifadə etməyi, cinayət işləri üzrə ədalət mühakiməsinin vəzifələrinin yerinə yetirilməsinə yönəldilmiş, demokratik prinsiplər əsasında qanunla müəyyən edilmiş prosessual formada həyata keçirilən təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının cinayət işlərinin başlanılması, istintaqı, məhkəmədə baxılması və həll edilməsi üzrə  fəaliyyət kimi cinayət prosesini öyrənməyi,  hüquqpozmaların aşkar edilməsi zamanı prosessual sənədləri tərtib etməyi və zəruri prosessual hərəkətləri yerinə yetirməyi bilmək;

- İnzibati-prosessual hüququn mənbələrini, inzibati-prosessual hüquq münasibətlərinin tənzimetmə xüsusiyyətlərini, inzibati prosesin mahiyyəti, strukturu və növlərini, inzibati icraatın mahiyyəti və prinsiplərini, mərhələlərini, kollegial inzibati orqanlarda inzibati icraatın və inzibati şikayətlər üzrə icraatın xüsusiyyətlərini, inzibati məhkəmə icraatının mahiyyəti və prinsiplərini, inzibati mübahisələrin məhkəmə aidiyyətini, inzibati məhkəmə icraatında iddialar və onların növlərini, müvəqqəti xarakterli müdafiə tədbirlərini, birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələrində, həmçinin yeni açılmış hallar üzrə icraatın xüsusiyyətlərini, icra icraatının və qeydiyyat icraatının mahiyyətini və proseslə bağlı olan digər əhəmiyyətli məsələləri bilmək.

-  Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarını bilmək,  karyera yol xəritəsinin tərtib olunmasını və texnikaları, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün müraciət qaydalarını, peşəkar CV, rezume, istək və tövsiyə məktublarının hazırlanmasını bacarmaq;

- Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını bilmək, problem həll etmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olmaq, eləcə də komanda işinin qurulmasını bilmək və liderlik prinsiplərinə yiyələnmək;

- Layihələrin hazırlanması idarə edilməsində iştirak etmək və digər çox istifadə olunan proqram təminatlarından istifadəni bacarmaq, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə etməyi bacarmaq;

- Media materialları ilə işləmək, müəyyən mövzular üzrə araşdırmalar aparmaq, faktiki materialları toplamaq, ümumiləşdirmək, nəticə çıxarmağı bacarmaq;

- Strateji düşüncə tərzini formalaşdırmaq, strateji məqsədlərin düzgün formalaşdırması, strategiyanın hazırlanması prosesində vəziyyətin analizini aparmağı bacarır; informasiya resurslarının strateji idarəolunması bacarıqlarına;strateji idarəetmə metodlarını tətbiq etməyi bacarmaq.