Baş səhifə
Gömrük üzrə E-learning

Gömrük üzrə E-learning

CLiKC!

Azərbaycanda gömrük xidməti orqanlarının peşəkar kadr hazırlığı üçün ən əhəmiyyətli beynəlxalq onlayn təhsil və təlim platformalarından biri Ümumdünya Gömrük Təşkilatına (ÜGT) üzv ölkələrin səlahiyyətli dövlət qurumlarına və onların əməkdaşlarına açıq olan və özündə müxtəlif onlayn kursları (sertifikat proqramları), elektron öyrənmə (e-learning) modullarını və digər onlayn resursları birləşdirən "CLiKC! Custom Learning and Knowledge Community" platformasıdır. "CLiKC!" ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığı tərəfindən 2018-ci ildə yaradılmışdır.

Aşağıdakı komponentlərdən ibarət olan platforma gömrük əməkdaşlarına şəxsi və peşəkar inkişaf üçün məsafədən təhsil imkanı yaradır və xüsusilə, COVID-19 pandemiyası şəraitində faydalı olmuşdur.

  • E-learning kursları
  • Təlim resursları
  • Seminarlar
  • Forumlar
  • Vebinarlar
  • Videolar
  • Öyrənməni dəstəkləyən vəsaitlər
  • Təlimatlar

Bunlar arasında xüsusilə, e-learning komponentinə ingilis, fransız və rus dillərində olan 72 vəsait daxildir və bunların təxminən 30-u müxtəlif (risklərin idarə edilməsi, gömrük nəzarəti, konvensiyalar, ticarətin asanlaşdırılması, hava sərnişinlərinə nəzarət, atıcı və yüngül silahlar, narkotik prekursorlara nəzarət, bir pəncərə, inteqrə edilmiş sərhəd idarəçiliyi və s.) mövzularda sertifikat kurslarından ibarətdir. Hər bir kurs onlayn tədris və test imtahanından ibarət olmaqla təxminən 2-30 saat arası vaxt təşkil edir və nəticədə kursu uğurla başa vurmuş şəxslərə elektron sertifikatlar təqdim edilir. Kursları müvəffəqiyyətlə tamamlamaq öyrənənlərin dil biliklərindən, öyrənmə və çalışma sürətindən və vaxtdan necə istifadə etməsindən asılıdır.

2019-cu ildə ÜGT və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında "CLiKC!" platformasından istifadə haqda müqaviləsi imzalandı, DGK və onun strukturlarının platformadan istifadə imkanı yaradıldı və DGKA-nın rəisi Azərbaycan gömrük orqanlarında "CLiKC!" platformasından istifadə üzrə Milli Koordinator (MK) təyin edildi. Platformadan istifadə üçün MK-nın təsdiqi lazımdır və MK-ya məxsus "CLiKC!" elektron idarəetmə sistemi əməkdaşların öyrənmə proseslərinin, nailiyyətlərinin və nəticələrinin monitorinqi və qiymətləndirilməsi üçün önəmli bir resurs təşkil edir.