Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Erasmus+ WORK4CE layihəsinin beynəlxalq pilot tədris həftəsində təmsil olunub

Gömrük Akademiyası Erasmus+ WORK4CE layihəsinin beynəlxalq pilot tədris həftəsində təmsil olunub

Almaniyanın Dortmund şəhərində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və digər səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə icra olunan Work4CE konsorsium layihəsinin professor-müəllim heyəti və tələbələr üçün pilot tədris həftəsi keçirilib.

Tədbirin əsas məqsədi layihə çərçivəsində yaradılmış 9 elektron tədris modulunun layihənin 9 ali təhsil müəssisəsindən olan tələbələrə həmin qurumların professor-müəllim heyəti tərəfindən tədrisi, əldə edilmiş nəzəri və praktiki bilik və bacarıqların yaradılmış elektron resurslardan istifadə etməklə real həyat nümunələrinə tələbələr tərəfindən tətbiqi olub.

Dortmund şəhərində keçirilmiş pilot tədris həftəsində benefisar universitetlərin müəllim və tələbələri İlə yanaşı, Akademiyanın üç əməkdaşı - Elvin Mecidov, Asif Qanbayev, Elvin Əlirzayev və üç tələbəsi iştirak ediblər.

DGKA tərəfindən Work4ce layihəsində Rəqəmsal Texnologiyalar modulu hazırlanıb. Əməkdaşlar həmin modula daxil olan 8 fəndən ikisi – Qurğudaxili sistemlər və Blokçeyn texnologiyaları üzrə təqdimatlar və mühazirələr təşkil ediblər.

Rəqəmsal Texnologiyalar modulu üzrə məsul şəxs, Work4Ce layihəsinin DGKA meneceri, beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru Elvin Mecidov qurğudaxili sistemlərin təhlükəsizliyi, Qurğudaxili sistemlər fənni üzrə məsul şəxs, İnformasiya Texnologiyaları və Texniki elmlər kafedrasının müəllimi Asif Qanbayev bütövlükdə qurğudaxili sistemlərin (“Emdedded systems”) mahiyyəti, sənayedə tətbiqi və gələcək inkişaf perspektivləri, Blokçeyn texnologiyaları fənni üzrə məsul şəxs, Gömrük və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev isə Blokçeyn texnologiyalarının, xüsusilə, kriptovalyutanın rolu, önəmi, növləri və praktiki tətbiqi ilə bağlı təqdimat və mühazirələrlə çıxış ediblər.

Tədbirdə həmçinin layihənin beynəlxalq konsorsiumuna daxil olan digər ali təhsil müəssisələrinin – Dortmund Tətbiqi Elmlər Universiteti, Katolik Leuven Universiteti, Bilbao Universiteti, Zaporijiya Milli Politexnik Universiteti, Qərbi Ukrayna Milli Universiteti, Ukrayna Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndələri də iştirak edərək, müxtəlif modullar üzrə mühazirələr təşkil ediblər.

Xatırladaq ki, 15 noyabr 2020-ci ildə başlanmış və 2024-cü ilin noyabr ayınadək davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İş 4.0”) hədəfinə xidmət edir. Gömrük Akademiyasının bu layihədə iştirakının məqsədi Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin “Sənaye 4.0” və “İşçi Qüvvəsi 4.0” tələbatlarına, xüsusilə milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin rəqəmsal transformasiya sahəsində Azərbaycan gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrları ilə təminatını dəstəkləməkdir.

Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.