Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı Transmilli tərəfdaşlığın gücləndirilməsinə dair təlimdə iştirak edib

Gömrük Akademiyasının əməkdaşı Transmilli tərəfdaşlığın gücləndirilməsinə dair təlimdə iştirak edib

Azərbaycan Milli Erasmus+ Ofisi və Erasmus Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə “Universitetlərdə Transmilli Tərəfdaşlığın gücləndirilməsi üçün Təlimlər və Resurslar” (TRUST) adlı təlimlər keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Erasmus+ Ofisinin, Erasmus Tələbə Şəbəkəsinin və Azərbaycanın ali təhsil müəssisələrinin rəhbər şəxsləri və nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı Şəbnəm Nuriyeva da iştirak edib.

Təlimin əsas məqsədi Azərbaycan universitetlərində transmilli tərəfdaşlıq, beynəlmiləlləşmə, layihələrin yazılması və idarə olunması, beynəlxalq təhsil üzrə bacarıqların gücləndirilməsi olub.

3 gün davam edən təlimlərdə Gürcüstanın Tbilisi Dövlət Universitetinin, Türkiyənin Marmara Universitetinin, Ukraynanın Mariupol Dövlət Universitetinin mütəxəssisləri “Ali təhsil müəssisələrində Erasmus + (Potensialın gücləndirilməsi) layihələrinin hazırlanması”, “Tərəfdaşlarla əməkdaşlığın qurulması və qrantların idarə edilməsi”, “Ali təhsildə virtual mübadilələr”,“Erasmus + Jean Monnet layihəsi, metodologiyası və idarə edilməsi” və digər mövzular ətrafında təqdimat və məruzələrlə çıxış ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.