Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Erasmus+ DIRNA layihəsinin təlimində təmsil olunub

Gömrük Akademiyası Erasmus+ DIRNA layihəsinin təlimində təmsil olunub

 

           

 

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi (DIRNA) adlı Erasmus+ layihəsi çərçivəsində Türkiyənin İzmir şəhərində 15-17 noyabr 2023-cü il tarixlərində keçirilən təlim proqramında təmsil olunub. Ölkəmizin 7 ali təhsil müəssisəsinin nümayəndələrinin qatıldığı təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının kitabxanasının əməkdaşı və layihə komandasının üzvü Aysel Cəfərzadə və Akademiyanın Hüquq və humanitar elmlər kafedrasının müəllimi, dos. Firuzə Kərimova iştirak ediblər.

İzmir Yüksək Texnologiya İnstitutunun ev sahibliyi ilə keçirilən təlimin məqsədi Azərbaycanın konsorsiumda benefisiar ali təhsil müəssisələrində tədqiqat nəticələrinin idarə edilməsinin təkmilləşdirilməsi, keyfiyyətli elmi tədqiqatların görünərliyinin artırılması, tədqiqat nəticələrinə açıq çıxışın dəstəklənməsi üzrə Türkiyə təcrübəsinin öyrənilməsi olub.

Səfər proqramı çərçivəsində İzmir Yüksək Texnologiya İnstitutunun kitabxanasının rəhbərliyi və əməkdaşları tərəfindən İnstitutunun tədqiqat ekosistemi, GCRIS: İYTE korporativ arxiv və tədqiqat məlumat sistemi, GCRİS-in texniki infrastrukturu, açıq elmə ümumi baxış, Türkiyədə açıq elmin, korporativ arxivlərin inkişafı, Avropa Açıq Elm Buludu, OpenAIRE servisi və xidmətləri, metaməlumatların keyfiyyəti, tədqiqat məlumatlarının idarə edilməsi kimi mühüm istiqamətlərdə təqdimatlar nümayiş edilib, müzakirələr və fikir mübadilələri aparılıb.

Seminarlarla yanaşı, Azərbaycan nümayəndə heyətinin İzmir Yüksək Texnologiya İnstitutunun rektoru prof. Yusuf Baranla görüşü keçirilib. Görüşdə iki qardaş ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığa dair müzakirələr aparıb.

Təlim proqramı çərçivəsində nümayəndələr həmçinin İnstitutun infrastrukturu ilə yaxından tanış olublar.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) 2023-cü ilin oktyabr ayından etibarən beynəlxalq əməkdaşlıq fəaliyyətləri çərçivəsində Avropa İttifaqının (Aİ) Erasmus+ proqramının Ali Təhsildə Potensialın Gücləndirilməsi fəaliyyət kateqoriyasında Avropa Komissiyasının (AK) maliyyələşdirdiyi Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi (DIRNA) beynəlxalq konsorsium layihəsinə tam hüquqlu benefisiar tərəfdaş kimi qoşulub. 2023-2026-ci illəri əhatə edən Erasmus+ DIRNA beynəlxalq konsorsium layihəsinin Finlandiya, İtaliya və Türkiyədəki üç universitetdən başqa Azərbaycanda benefisiar qurumları həm də Xəzər Universiteti (koordinator), DGKA, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetidir.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.