Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları Ali Məhkəmədə keçirilən görüşdə iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları Ali Məhkəmədə keçirilən görüşdə iştirak ediblər

Azərbaycan Respublikasının Ali Məhkəməsində “Femida Dialoq Platforması” çərçivəsində ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin hüquq fakültələrinin professor-müəllim heyəti ilə görüş keçirilib. Görüşdə digər ali təhsil müəssisələrinin müəllimləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizov və Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova da iştirak ediblər.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qonaqları salamlayaraq, onlara “Femida Dialoq Platforması” barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, ortaya çıxan problemlərin həlli və ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlara dəstək verməkdir.

Tədbirdə davamlı inkişaf üçün hüquq elminin tədrisi ilə yanaşı, elmi araşdırmaların, həmçinin ali təhsil müəssisələri tərəfindən hüquqa dair nəşrlərin təkmilləşdirilməsi və bu sahədə elmi məqalələrin dərc olunmasının mühüm əhəmiyyət kəsb edildiyi vurğulanıb.

Görüşdə iştirak edən digər ali təhsil müəssisələrinin hüquq fakültələrinin dekanları və akademik heyəti ilə yanaşı Akademiyanın əməkdaşları Hakim Əzizov və Yavər Məmmədova da çıxış edərək, platforma çərçivəsində keçirilən görüşü yüksək qiymətləndirib, təkliflərini səsləndirib, Ali Məhkəmənin hüquq fakültələri ilə sıx əməkdaşlığı ölkəmizdə hüquq elminin inkişafına və peşəkar hüquqşünas kadrların yetişməsinə mühüm töhfə verəcəyini qeyd ediblər.

Sonra tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.