Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında tədqiqat bacarıqlarının inkişafına dair təlim keçirilib

Gömrük Akademiyasında tədqiqat bacarıqlarının inkişafına dair təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında "Akademik bazalardan istifadə və nəşr imkanları" adlı təlim keçirilib. Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində keçirilən seminar BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri, EİFL. net və EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova və ADA Universitetinin Əsas sistemlər və inteqrasiya şöbəsinin aparıcı mütəxəssisi, EİFL.net-in “Open Access” üzrə koordinatoru İltifat İbrahimov tərəfindən təqdim edilib.

Əməkdaşların və tələbələrin qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova dünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatoru olan EBSCO şirkəti ilə Akademiyanın davamlı əməkdaşlığından və kitabxanada istifadəçilər üçün yaradılan şəraitdən bəhs edərək rəqəmsal kitabxana-informasiya mühitinin formalaşmasında beynəlxalq nəşriyyatların resurslarından istifadənin vacibliyini vurğulayıb.

BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Az.KİK-in akademik kitabxanalarla əməkdaşlığı” mövzusunda çıxış edərək kitabxana işi sahəsində nüfuzlu beynəlxalq təşkilat və nəşriyyatlarla ali məktəb kitabxanaları arasında əməkdaşlığın qurulmasında təmsil etdiyi qurumun xüsusi rola malik olduğunu bildirib.

EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova - “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda çıxış edərək EİFL. net beynəlxalq konsorsiumunun xidmətləri, müxtəlif elm və tədris sahələri üzrə hazırlanmış jurnal, kitab, qəzet paketləri ilə bağlı xüsusi akademik jurnallar və onlardan istifadə qaydalarından bəhs edib.

ADA Universitetinin aparıcı mütəxəssisi İltifat İbrahimov isə akademik bazalarda məqalə nəşrləri və EİFL.net-in xidmətləri haqqında təlim iştirakçılarına ətraflı məlumat verib.

Qeyd edək ki, Akademiyanın kitabxanası 2019-cu ildən etibarən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvdür. Konsorsium xətti ilə Akademiya “EBSCOhost” nəşriyyatının elektron məlumat bazasına abunədir. Abunə müddətində 8516 resenziyalı olmaqla 11000 jurnalın o cümlədən müxtəlif sahələr üzrə jurnalların yerləşdiyi verilənlər bazası, 2700-dən artıq kitab və broşur, 510 adda qəzet mənbələri, onların rəqəmsal arxivləri elektron formada Akademiya heyəti üçün açıqdır.